“Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib”.
Oxu.Az-ın məlumatına görə, bu fikirləri VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib:”Mərkəzi Bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etdiyini açıqlayıb. Bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər. Qeyd edək ki, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib.”Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir.










