Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına sərgilər haqqında məlumat verdilər.İlk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib.Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.”ADEX” dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır.Bildirildi ki, bu il yubiley sərgisində daha çox – dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.Prezident İlham Əliyev əvvəlcə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. “Azərsilah”a məxsus pavilyonda PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, 30 millimetrlik avtomatik top, zirehli gödəkcələr, aviabombalar və təlim simulyatorları nümayiş etdirilir.Belarus Respublikasının pavilyonu ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, “Belspetsvneştexnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi Belarus Hərbi Sənaye Kompleksinə daxil olan dövlət müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsulların idxalı və ixracı proseslərini tənzimləyən dövlət təşkilatıdır. Sərgidə şirkətin qumbaraatan kompleksləri və onun tətbiq variantları, tank əleyhinə raket kompleksləri, atıcı silahlar və zirehli texnika üçün optik cihazlar, modernləşdirilmiş Reaktiv Yaylım Atəş Sistemlərinin maketləri, radiostansiyalar, hava hücumundan müdafiə və elektron müharibə texnikasının maketləri nümayiş olunur.Sərgidə Serbiyanın “Yugoimport-SDPR” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət silahların istehsalı, yaradılması, modernləşdirilməsi və ixracı istiqamətində aktiv fəaliyyət göstərən serb şirkətləri sırasında birinci yerdədir. Sərgidə şirkət tərəfindən müxtəlif çaplı silah və sursat, o cümlədən hərbi ləvazimatlar təqdim olunur.Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Bu şirkətlərdən biri olan “Roketsan” 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, şirkət bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.”Dearsan Shipyard” gəmiqayırma və gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri arasındadır. “Dearsan” dəstək gəmisi, korvet (gözətçi) tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət qayıqları, desant gəmiləri, hidroqrafiya və okeanoqrafiya elmi-tədqiqat gəmiləri, minaaxtaran gəmilər, özü idarəolunan qayıqlar, mülki nəqliyyat gəmiləri və həmçinin gəmiqayırma zavodunun tikintisi və ya modernləşdirilməsi, dəniz su sərhədlərinin mühafizə sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi platformaların tikintisi üzrə ixtisaslaşıb.










