Ev Manşet Milli Məclisdə müzakirə: Mikro sahibkarlar üçün yeni imkanlar açılır

Milli Məclisdə müzakirə: Mikro sahibkarlar üçün yeni imkanlar açılır

21

Gələn il Azərbaycanda mikro sahibkarların gəlirlərinə vergi güzəştləri tətbiq edilməsi planlaşdırılır. Maliyyə Nazirliyindən mətbuata bildirilib ki, 2025-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır.Maraqlıdır, bu sahədə hansı vergi güzəştləri tətbiq edilə bilər, hansı addımların atılmasına ehtiyac var?”Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.Vergi üzrə ekspert Mahmud Abasquliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, üç nəfər işçisi olan, məcburi dövlət sosial sığorta borcu olmayan, dövriyyəsi 200 mini aşmayan şəxslər mikro sahibkarlıq subyekti kimi dövlət büdcəsinə ödəyəcəyi gəlirlərin 75 faizi vergidən azaddır, yerdə qalanın 20 faizini ödəyirlər. “Yəni, hazırda üç işçisi olanlara 75 faiz güzəşt verilir. Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılır. Burada problem 12 aylıq dövriyyənin 200 minlik olmasıdır. Gələcəkdə bu rəqəmin artması daha yaxşı olardı”.Millət vəkili Vüqar Bayramov isə deyir ki, mikro sahibkarlara güzəştlərin verilməsi vacib məqamlardandır: “Mikro sahibkarların gəlirlərinə güzəştlər var idi. 200 min manatadək olan dövriyyədə 75 faiz gəlir vergisində güzəşt tətbiq olunurdu. Yəni, mikro sahibkarlar əldə etdiyi gəlirlərdən 5 faiz ödəniş edirdilər. Amma 2024-cü ilin yanvarın 1-dən etibarən, sistem dəyişdi. Yalnız 3 və daha çox işçisi olan mikro sahibkarlar bu güzəştlərdən istifadə etmək imkanı qazandılar, nəticədə mikro sahibkar kimi fəaliyyət göstərən, amma işçiləri olmayanlar belə güzəştlərdən faydalana bilmədilər. Bu baxımdan gözlənilir ki, növbəti ildən etibarən mikro sahibkarlar üçün güzəştlər bərpa olunacaq. Müəyyən limit çərçivəsində gəlir əldə edən mikro sahibkarlar əvvəlki illərdə olduğu kimi gəlir vergisindən 75 faiz güzəşt əldə edəcəklər”.

Əvvəlki məqaləDövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Növbəti məqalədəSumqayıt sakinlərini ölümlə üz-üzə qoyan yol