“COP29-un Azərbaycanda keçirilməsi, ölkənin iqtisadi mövqeyini gücləndirən və onu qlobal səviyyədə yaşıl iqtisadiyyata keçid imkanlarını artıran strateji addım kimi qiymətləndirilməlidir”.
Bunu “Report”a açıqlamasında iqtisadçı, ekspert Gündüz Camalzadə deyib.
Onun sözlərinə görə, COP29 ölkəni beynəlxalq ictimaiyyətin mərkəzi etmək və onu qlobal müzakirələrdə aparıcı bir oyunçuya çevirmək potensialına malikdir. Bu cür tədbirlər təkcə iqlim dəyişikliyi ilə bağlı müzakirələrə ev sahibliyi etməklə qalmır, həmçinin iqtisadi, siyasi və sosial aspektləri olan geniş məsələləri də gündəmə gətirir.
Ekspert Azərbaycanın iqlim dəyişikliyi sahəsində addımlarının beynəlxalq əməkdaşlıqlara yol açacağını bildirib:
“Azərbaycanın enerji sektoru, xüsusilə də neft və qaz ixracına əsaslanan iqtisadiyyatını beynəlxalq iqlim razılaşmalarına uyğunlaşdırmaq istəyi dayanıqlı və yaşanılabilən dünya üçün xoş niyyətinin göstəricisidir. Eyni zamanda bu, ölkəmizin ekoloji və iqlim məsələlərinə olan bağlılığını təsdiqləyir. Azərbaycanın müzakirələrdə aktiv rol oynayaraq enerji keçidi, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə mövqeyini gücləndirməsi gələcək beynəlxalq əməkdaşlıqlara yol açmasına təkan verəcək”.
G.Camalzadə COP29-un bərpaolunan enerji mənbələri istiqamətində unikal platforma təqdim etdiyini də söyləyib:
“Azərbaycan, xüsusilə son dövrlərdə bərpa olunan enerji mənbələri (külək, günəş) üzrə potensialını dəyərləndirməkdədir. COP29 bu sahədəki addımların sürətlənməsi və enerji sektorunun daha dayanıqlı və diversifikasiya olunmuş bir istiqamətə yönəlməsi üçün unikal platforma təqdim edir. Bundan əlavə, bu cür qlobal tədbirlərin keçirilməsi ölkəyə xarici investisiyalar cəlb etməyə, texnologiya transferini sürətləndirməyə və işgüzar mühitin şəffaflığını artırmağa imkan verir. İqlim dəyişikliyi ilə bağlı qlobal məsələlərdə fəal iştirak Azərbaycanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirəcək və ölkənin Qərblə enerji təhlükəsizliyi, iqlim dayanıqlığı kimi strateji məsələlərdə dialoqunu gücləndirəcək. Bu isə Azərbaycan üçün yalnız iqtisadi yox, həm də geosiyasi əhəmiyyət kəsb edir”.
İqtisadçı qeyd edib ki, bir sıra faktorlar COP29 çərçivəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün müəyyən qədər zamanın tələb olunduğunu nümayiş etdirir:
“Belə ki, 2023-cü ildə neft və qaz sektorundan gələn gəlirlər ölkənin ümumi büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edib. Hazırda Azərbaycan iqtisadiyyatı böyük ölçüdə enerji ixracından asılıdır. Bu asılılıq bərpaolunan enerji mənbələrinə keçidin iqtisadi risklərini artırır. Çünki neftdən əldə edilən gəlirlər bu keçidin maliyyələşdirilməsi üçün vacibdir. Azərbaycan üçün əsas iqtisadi çağırış, bu keçidi tədricən və səmərəli şəkildə həyata keçirmək olacaq ki, bu da uzunmüddətli iqtisadi sabitliyi qorumağa imkan verəcək. Bundan başqa, bərpaolunan enerji mənbələrinin inkişafı və tətbiqi üçün böyük maliyyə resursları tələb olunur. Xarici investisiyalar və texnoloji tərəfdaşlıqlar bu sahədəki texnoloji və maliyyə boşluğunu doldurmaq üçün vacib rol oynayacaq”.