Bu gün Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, komissiya bu gün ilk dəfə toplaşacaq.
Qeyd edək ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası VII çağırışın ilk sessiyasında yaradılıb.
Deputat Ramid Namazov komissiyanın sədri seçilib. Komissiyanın üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Sevil Mikayılova, Rasim Musabəyov, Qaya Məmmədov, Gülşən Paşayeva, Zaur Şükürovdur.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın vəzifə və səlahiyyətləri aşağıdakılardır:
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı hallara dair hesabatların hazırlanması;
– Xarici müdaxilələr və hibrid təhdidlər ilə bağlı önləyici addımlara dair təkliflərin hazırlanması;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlər barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bəyanatların verilməsi;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda müvafiq istiqamətlər üzrə ictimai dinləmələrin keçirilməsi;
– Aidiyyəti icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlıq əlaqələrinin qurulması;
– Qanunvericiliyin xarici müdaxilələr və hibrid təhdidlər baxımından araşdırılması, təhlil edilməsi və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə təkliflərin verilməsi;
– Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə zəruri hallarda komitələrin qanun layihələrinə dair müvafiq müzakirələrində iştirak edilməsi;
– Hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıqda iştirak edilməsi, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatlarında nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərilməsi.
Qeyd edək ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddəti ərzində fəaliyyət göstərir.