2020-ci il oktyabrın 28-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz ikinci günü.
Oxu.Az xatırladır ki, humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində ordumuzun yerləşdiyi mövqeləri və cəbhə zonasına yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutur. Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd “Osa” zenit-raket kompleksi, üç ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd “D-30”, beş ədəd “D-20” və bir ədəd “D-44” topu, iki ədəd 2A36 “Qiasint-B” topu, bir ədəd 120 mm çaplı minaatan, bir ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Döyüş meydanında məğlub olması ilə barışa bilməyən düşmən, yenə də mənfur xislətinə uyğun olaraq, mülki əhalinin yaşadığı ərazilərə hücumlarını davam etdirir, Tərtər, Ağcabədi, Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı artilleriya atəşinə tutulur. Günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə qarşı yenidən “Smerç” raketlərindən istifadə edilərək zərbələr endirilir. Hadisə nəticəsində 21 nəfər həlak olur, 70-dən artıq şəxs isə yaralanır, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyir. Mülki əhali arasında xidmət aparan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı raket atəşi nəticəsində həlak olur, bir əməkdaşı isə ağır yaralanır.