Azərbaycanda 11-22 noyabr tarixlərində keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub.
Bu barədə Oxu.Az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir.Qeyd olunub ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksəkvəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-nin liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər.Məlumata əsasən nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini Devid Turk, daxili işlər katibinin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.Həmçinin nümayəndə heyətinin tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.