Azərbaycana düyü idxalında əhəmiyyətli azalma müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkəyə 27 min 210 ton düyü gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır. İdxal dəyəri də 23,8% azalaraq 25,8 milyon dollar səviyyəsində qeydə alınıb. Bu dövrdə Azərbaycana idxal olunan düyünün bir kiloqramının orta qiyməti 1,61 manat olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1,77 manat idi. Bu da illik müqayisədə 16 qəpik və ya 9% azalma deməkdir. Maraqlıdır, Azərbaycana düyü idxalının azalmasına səbəb nədir? Bu tendensiya davam edəcəkmi? İdxalın azalması bazara necə təsir göstərəcək?Oxu.Az bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.İstehlakçı davranışları dəyişirİqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirir ki, düyü üzrə əsas ixracatçı olan ölkələrdə iqlim dəyişikliyi səbəbindən qlobal bazarda düyünün qiymətlərində ciddi artım müşahidə olunur: “Təbii ki, bu vəziyyət Azərbaycanın da daxil olduğu idxalçı ölkələrin bazar davranışına təsir göstərib. Artan qiymətlər fonunda Azərbaycana gətirilən düyü həcmi azalıb və bu da yerli istehsalçılar üçün nisbətən əlverişli imkan yaradıb”.
Professorun sözlərinə görə, son dövrlərdə sağlam qidalanmaya marağın artması da düyü istehlakına təsir göstərib: “Bizdə düyüdən adətən, plov bişirmək məqsədilə istifadə olunur. Plov milli mətbəximizin şah yeməyi sayılsa da, sağlam qidalanmaya meyllərin artması bu yeməyə olan marağı azaldıb. Son illər istehlakçılar arasında qarabaşaq, bulqur kimi alternativ taxılların populyarlığı artmaqdadır. Bu dəyişiklik, bir tərəfdən düyüyə olan ümumi tələbatı azaltsa da, digər tərəfdən bazarda yeni çağırışlar yaradıb”.










