Ötən gün avrokuboklarda baş tutan növbəti oyunlardan sonra Azərbaycan UEFA əmsallar cədvəlindəki mövqeyini qoruyub.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 19.000 xal olan ölkəmiz 28-ci sırada qərarlaşıb.Qeyd edək ki, dünən Konfrans Liqasında baş tutan qarşılaşmalarda “Araz-Naxçıvan” klubu Kiprin “Omoniya” klubuna 0:4 hesabı ilə, “Sabah” klubu isə Bolqarıstanın “Levski Sofiya” klubuna 0:1 hesabı ilə məğlub olublar.Xatırladaq ki, iki gün əvvəl “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə “Şkendiya”nı minimal hesabla məğlub edib.
Beləliklə, təsnifat mərhələlərində qələbəyə görə bir, heç-heçəyə görə yarım xal verildiyi üçün turnirdə iştirak edən komandalarımızın sayına böldükdə “Qarabağ”ın ölkənin aktivinə 0.750 xal, “Sabah”ın 0.625 xal, “Araz-Naxçıvan”ın 0.375 xal, avrokuboklarda artıq çıxışını dayandırmış “Zirə”nin isə 0.125 xal gətirdiyi aydın olur.Bu il aktivini 1.875 xal artıran ölkəmiz hazırda 27-ci yerdə olan Ukraynadan 0.600 xal geri qalır, məlum səbəblərə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pillədədir.Qeyd edək ki, UEFA əmsallar cədvəlinə 94.839 xalla İngiltərə başçılıq edir.










