Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.“Report” xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.Səfirlik nazirin səfərinin ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb. Məlumatda bildirilir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq Böyük Britaniya–Azərbaycan strateji tərəfdaşlığının əsas sütunlarından biri olacaq və regional sabitlik və uzunmüddətli sülhün əhəmiyyətinə dair ortaq anlayışı əks etdirəcək. Artan təhdidlər fonunda ölkələr ortaq strateji maraqlar üzrə birgə işləməyə davam edəcəklər.Qeyd olunur ki, Böyük Britaniya və Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik və rifah üçün ortaq məqsəd üzərində birlikdə çalışırlar. Bu məqsədə dəstək olaraq müdafiə üzrə dövlət naziri 2022-ci ildən bəri ilk dəfə Azərbaycana səfər edib.Səfər zamanı Lord Koaker Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə ikitərəfli görüşlər keçirib və Böyük Britaniya–Azərbaycan müdafiə və təhlükəsizlik tərəfdaşlığının inkişafı üçün əlavə imkanları araşdırıb










